“Yollarda təhlükəsizlik və parklama” mövzusunda müsabiqəyə yekun vuruldu

Cari il martın 18-də saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatı və “Azadİnform” İnformasiya Agentliyinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə jurnalistlər arasında keçirdiyi müsabiqənin mükafatlandırma mərasimi təşkil olunub. Tədbirdə iştirak edən “Azadİnform” İA-nın baş redaktoru, əməkdar jurnalist Niyaz Niftiyev, “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatının rəhbəri İskəndər Quliyev, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov, müxtəlif KİV nümayəndələri və digər qonaqlar çıxışları zamanı qeyd ediblər ki, yanlış parklama ən çox rast gəlinən qaydası pozuntusudur və bununla mübarizədə bütün mümkün imkanlardan istifadə olunmalıdır. Onlar bu işdə kütləvi informasiya vasitələrinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb və müvafiq mövzu ilə bağlı müsabiqəyə tədqim olunmuş maarifləndirici məqalələrə görə media nümayəndələrinə minnərdarlıqlarını bildiriblər. 

Xatırladaq ki, “Yollarda təhlükəsizlik və parklama” mövzusunda keçirilən müsabiqəyə fevralın 16-da start verilmişdir. Müsabiqədə KİV nümayəndələri qanunsuz parklama, yollarda üzləşdiyimiz gündəlik problemlər, onların həlli yolları və yollarda təhlükəsizliyin təmini mövzusunda hazırladıqları araşdırma və reportajlarla qatılmışdılar. Təqdim olunan yazılarda müəlliflər yol hərəkətinin bütün iştirakçılarının daima üzləşdikləri aktual problemlərə toxunmuş, təhlükəsizliyin təmini məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər barədə mühüm məqamları əks etdirmişdilər. 

Müsabiqəyə təqdim olunmuş məqalələrdə son illər ərzində Bakıda avtomobillərin rahat parklanması üçün əlverişli şəraitin yaradılması istiqamətində mühüm işlər həyata keçirildiyi qeyd edilib. Paytaxtda istifadəyə verilmiş onlarla yeraltı və yerüstü park yerləri, avtomobil dayanacaqları, quraşdırılmış parkomatlar buna əyani sübutdur. Bundan başqa, məqalələrdə DYP-nin əməkdaşlarının gecə-gündüz şəhərimizin yollarında olan yüksək təhlükəsizlik şəraitinin yaradılması da qeyd olunub. Qeyd olunanların ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi və yollardakı vəziyyətə müsbət təsir göstərməsi müsabiqəyə təqdim olunmuş bütün materiallarda xüsusilə qeyd edilib. Məqalələrdə müsbət hallarla yanaşı, çatışmayan cəhətlər, mövcud nöqsan və problemlər də geniş şəkildə işıqlandırılıb. Belə ki, paytaxtın bəzi küçə və prospektlərində park yerlərinin sayının az olması diqqət mərkəzinə gətirilərək, yol hərəkəti iştirakçılarının rahatlığı üçün yeraltı park yerlərinin sayının artırılmaıs təklif olunub. Məqalələrdə ən çox qabardılan məsələlərdən biri də paytaxtda taksi fəaliyyəti ilə məşğul olan sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə bağlı olub. Onların avtomobili səkilərdə, avtobus dayanacaqlarında saxlaması baş verən qəzaların əsas səbəblərindən biri kimi qiymətləndirilib. Kütləvi informasiya nümayəndələri qaydaları kobud şəkildə pozan belə sürücülərə qarşı ən sərt cəzaların tətbiqini, eləcə də onlarla maarifləndirmə işinin və yol polisləri tərəfindən davamlı reydlərin aparılmasını təklif ediblər. 

Çıxışlar başa çatdıqdan sonra müsabiqədə qalib gəlmiş iştirakçılara pul mükafatları və diplomlar təqdim olunub. Birinci yerin sahibinə 450, ikinci yer sahibinə 300 və üçüncü yerin sahibinə isə 150 manat pul mükafatı verilib. Qeyd etmək lazımdır ki, müsabiqənin 3-cü yerinə 3 nəfər layiq görülüb. 

Bundan başqa, BŞDYPİ-nin təşəbbüsü ilə bütün qaliblərə “Likon” şirkətindən pulsuz bonus danışıq dəqiqələri verildi. “Azərsun” Holdinq Şirkətlər qrupunun tərəfindən isə qaliblərə Novruz hədiyyə paketləri paylanılıb.

Tədbirin sonunda belə müsabiqələrin keçirilməsinin yol qəzalarının sayının artmasının əsas səbəblərindən olan cəmiyyətdə hökm sürən mənəvi-psixoloji durumu lazımi səviyyəyə çatdırmaqda mühüm rol oynadığı qeyd olunub. Bu gün paytaxt küçələrində sürücülük mədəniyyətini arzuolunan həddə yüksəltmək üçün belə maarifləndirici tədbirlər tez-tez təşkil olunmalıdır. Təsadüfi deyil ki, yollarda tez-tez qarşılaşdığımız tıxac, qanunsuz parklama, sürət həddini aşma kimi problemlər həm cəmiyyət, həm də kütləvi informasiya vasitələri üçün ən aktual mövzuya çevrilib. Müsabiqənin məqsədi də sözügedən mövzunu ictimaiyyətin müzakirəsinə çıxarmaq, problemə daha geniş oxucu auditoriyasının diqqətini yönəltməkdən ibarət idi. 

Sonda qeyd edək ki, yenicə təsis olunmuş və müsabiqənin təşkilatçılarından olan “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatının əsas məqsədi nəqliyyat vasitələrinin idarəsi və sürücülük mədəniyyətinin yüksəldilməsi istiqamətində maarifləndirmə aparmaq, həmçinin ictimaiyyəti yollarda yaşanan problemlər və tətbiq edilən yeniliklər barədə məlumatlandırmaqdan ibarətdir.

Şərhlər